"Liverpul"un keçmiş hücumçusu Maykl Ouen, Andoni İraolanın Mersisayd təmsilçisinin baş məşqçisi təyin olunması ilə bağlı fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, əfsanəvi futbolçunun şərhini Premyer Liqa mətbuatı yayıb.

Klubun Arne Slotu istefaya göndərdikdən sonra "Bornmut"un sabiq çalışdırıcısını komandanın sükanı arxasına gətirməsini şərh edən Ouen bu təyinatın uğurlu ola biləcəyini qeyd edib: "Demək olar ki, istənilən təyinatı şübhə altına ala bilərsiniz, elə deyilmi? Demək olar ki, heç vaxt mükəmməl bir uyğunluq olmur. Amma müsbət baxımdan deyə bilərsiniz ki, o, gənc və uğura acdır. İraola 'Liverpul' azarkeşlərinin, xüsusən də əvvəlki illərdə Yurgen Kloppun rəhbərliyi altında öyrəşdiyi bir oyun tərzini gətirir. Onun bir çox güclü tərəfləri var".

Sabiq hücumçu mütəxəssisin mənfi tərəflərinə də toxunaraq sual işarələrinin olduğunu gizlətməyib: "Suallar nədir? Düşünürəm ki, o, bu səviyyədə və ya bu böyüklükdə bir klubda hələ işləməyib. Həmçinin onun tələb etdiyi aqressiv oyun tərzinin mövsüm boyu davam etdirilə biləcəyi də sual doğurur. Oyunçular çox tez tükənə bilərmi? Bilmirəm, bunlar hələ cavablandırılmalı olan suallardır. Lakin bu təyinat məni həyəcanlandırır. Hər seçim kağız üzərində mükəmməl görünməyə bilər, amma zamanla prosesdə mükəmməl ola bilər. İraolanın kağız üzərində bir çox düzgün keyfiyyətləri var".

Qeyd edək ki, "Liverpul" rəhbərliyi niderlandlı mütəxəssis Arne Slotla yolları ayırdıqdan dərhal sonra "Bornmut"da uğurlu mövsümlər keçirən 43 yaşlı ispaniyalı baş məşqçi Andoni İraola ilə rəsmi müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest