Madridin "Real" klubu qarşıdan gələn transfer pəncərəsində yarımmüdafiə xəttində böyük bir satış həyata keçirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın nüfuzlu AS nəşri yayıb.

Bildirilir ki, "Kral klubu" rəhbərliyi gələcək yüksək səviyyəli transferləri maliyyələşdirmək və lazımi vəsaiti toplamaq məqsədilə bir neçə əsas yarımmüdafiəçisi ilə yollarını ayırmaq niyyətindədir. Komandadan göndəriləcək əsas namizədlər qismində fransalı ulduzlar Aurelien Çuameni və Eduardo Kamavinqa göstərilir.

Bununla belə, "Los Blankos" rəhbərliyi komandanın kapitanı Federiko Valverdeni satmaqdan qəti şəkildə imtina edib. Uruqvaylı futbolçu, Çuameni ilə son vaxtlar yaşadığı yüksək səviyyəli mübahisəyə baxmayaraq, toxunulmaz statusunu qoruyub saxlayıb. Madrid nəhəngi Valverdeni komandanın əsas fiquru və "Real"ın yenilənmiş futbol layihəsinin təməli hesab edir.

Lakin Çuameni ilə yaşanan münaqişə və komandanın baş məşqçisi Xabi Alonso ilə münasibətlərdə yaranan müəyyən inamsızlıq anları rəhbərliyi oyunçuya qarşı yanaşmasını dəyişməyə məcbur edib. Madrid klubunun artıq uruqvaylı yarımmüdafiəçinin həm komanda daxilindəki, həm də meydandan kənar davranışlarını daha ciddi nəzarətdə saxlayacağı qeyd olunur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest