Fil Dişi Sahili milli komandasının baş məşqçisi Emers Fae, dünya çempionatının qrup mərhələsinin ikinci turunda Almaniya yığması futbolçularının nümayiş etdirdiyi davranışlardan narazı qaldığını bildirib.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssisin sözlərini "Bayern & Germany" səhifəsi yayıb.

Baş məşqçi almaniyalı oyunçuların feyr-pley qaydalarına əməl etmədiyini vurğulayıb: "Biz bu cür ölkələrə öz inkişafımız üçün bir model kimi baxırıq, amma bu Almaniya komandasının göstərdiyi ədalətli oyundan bir az məyus oldum. Gənc alman müdafiəçi Brauna gəlincə, mən ona sadəcə təvazökar qalmasını dedim. Düzdür, o, əla oyun nümayiş etdirdi, çox güclü milli komandada oynayır. Amma hesab etmirəm ki, o, bizə qarşı kobud davranmalıdır. Şingo zədə səbəbindən topu meydançadan çıxaranda Almaniya kimi böyük futbol ölkəsindən bir az daha ədalətli oyun gözlənilirdi. İstərdik ki, topu bizə qaytarsınlar".

Emers Fae matçın 80-ci dəqiqəsində Vilfrid Sinqonun Kay Havertzlə mübarizədə omba nahiyəsindən zədə aldığı epizodu nəzərdə tutub. Həmin an Fil Dişi Sahili millisinin müdafiəçisi əlini qaldıraraq topu yan xətdən kənara çıxarıb, lakin rəqib idman prinsiplərinə uyğun hərəkət etməyib.

Qeyd edək ki, gərgin keçən qarşılaşmada Almaniya millisi Dəniz Undavın dublu sayəsində 2:1 hesablı iradəli qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest