"Mançester Siti"də çıxış edən Canluici Donnarumma 2025-ci ilin ən yaxşı qapıçısı nominasiyası üzrə "The Best" mükafatına layiq görülüb.

Matc.az xəbər verir ki, bu, 26 yaşlı futbolçu üçün karyerasında ilk belə nüfuzlu fərdi mükafatdır.

Donnarumma ötən mövsümü PSJ-nin heyətində keçirib. O, klubla birlikdə 4 titul qazanıb. Ən böyük uğur UEFA Çempionlar Liqasındakı qələbə olub. Turnirin finalında parislilər “İnter”i 5:0 hesabı ilə darmadağın ediblər və italiyalı qapıçı qapısını toxunulmaz saxlayıb. İtaliyalı qolkiper həmçinin finala gedən yolda bir sıra parlaq oyunları ilə diqqət çəkib.

Avropa zəfəri ilə yanaşı, Donnarumma PSJ-yə Fransa çempionu, ölkə kubokunun və Superkubokun qalibi olmağa kömək edib, həmçinin FIFA Klublararası Dünya Çempionatının gümüş mükafatçısı olub.

Mövsüm başa çatdıqdan sonra italiyalı qapıçı “Mançester Siti”yə transfer olunub. İtaliya millisinin üzvü mükafat uğrunda səsvermədə Alisson Bekker, Tibo Kurtua, Emiliano Martines, Manuel Noyer, David Raya, Yann Zommer və Voytsex Şesnı kimi rəqibləri qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest