“Real” bu mövsüm yenilənmiş “Santyaqo Bernabeu” stadionundan 400 milyon avrodan çox gəlir əldə etməyi planlaşdırır.

Matc.az AS nəşrinə istinadən xəbər verir ki, “kral klubu”nun ümumi gəlirlərinin 1,248 milyard avro səviyyəsində olacağı proqnozlaşdırılır. Bu məbləğin təxminən üçdə biri - 402,5 milyon avro məhz stadionun istifadəsindən formalaşacaq.

Ötən mövsüm klub yalnız kompleks daxilindəki biznes hesabına (matç biletləri nəzərə alınmadan) 79,1 milyon avro qazanıb. Bu məbləğin 52,6 milyon avrosu stadion turlarının, 15,4 milyon avrosu tədbir və konsertlərin, 10,3 milyon avrosu isə restoranların payına düşüb.

Bu il turlardan əldə olunan gəlirlərin 31% artacağı gözlənilir. Eyni zamanda, qastronomiya məkanları və VIP zonalar hesabına da ciddi artım proqnozlaşdırılır. Bundan əlavə, stadionun əsas incisi hesab edilən "SkyBar" hələ açılmayıb. Yaxın vaxtlarda konsertlərin tam bərpası və Apple ilə birgə “Bernabéu Infinito” layihəsinin işə salınması planlaşdırılır. Bu layihə virtual reallıq eynəkləri vasitəsilə stadionu ziyarət etməyə imkan verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest