Fransa millisinin kapitanı Kilian Mbappe komandasının dünya çempionatındakı startı ərəfəsində fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, "Real"da çıxış edən forvard qeyd edib ki, mundialda qələbəyə gedən yol təkcə ustalıq deyil, həm meydanda, həm də meydandan kənarda çətinliklərə sinə gərmək hazırlığı tələb edir.
"İştirak etdiyim hər iki dünya çempionatında sosial həyat baxımından özümü narahat hiss etdiyim anlar olub. Çünki 60 gün ərzində tamamilə təcrid olunursan. Lakin bu asan olsaydı, hamı dünya çempionatında oynayardı. Azlığın bir parçası olduğumuzu bilirik. Bu, heç vaxt unutmamalı olduğumuz bir statusdur. Həm yaxşı, həm də pis günlərdə bunu qəbul etməliyik.
Tarixə düşmək üçün dözmək və əziyyət çəkməyə hazır olmaq lazımdır. Bunu bir dəfə - DÇ-2018-i qazananda etdik. 2022-ci ildə isə buna çox yaxın idik. Ona görə də necə ediləcəyini bilirik. Lakin hər bir komanda turnirə tarix yazmaq istəyi ilə yollanacaq. Heç bir komanda bizdən daha istəkli olmamalıdır".
Xatırladaq ki, Fransa millisi I qrupunda mübarizə aparacaq. Onların rəqibləri Seneqal, Norveç və İraq komandaları olacaq.













