İtaliyanın idman naziri Andrea Abodi FİFA prezidenti Canni İnfantino ilə görüşərək, onun İtaliya millisi barədə etdiyi uğursuz zarafatı müzakirə etmək niyyətindədir.
Matc.az xəbər verir ki, İtaliya yığmasının ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalmasından sonra İnfantino müsahibəsində zarafatla "gələn dəfə İtaliyanın vəsiqə qazanması üçün turnir iştirakçılarının sayını artıraq" təklifini irəli sürüb. Bu sözlər İtaliya tərəfində ciddi narazılıq yaradıb.
İdman naziri Abodi mövzu ilə bağlı açıqlamasında İnfantinonun mövqeyini şəxsən eşitmək istədiyini bildirib: "İtaliya ilə Meksika arasındakı böyük məsafə səbəbindən hər şeyi telefonla müzakirə etmək ən yaxşısıdır – əlbəttə ki, İnfantinonun vaxtı və imkanı varsa".
Xatırladaq ki, Cennaro Qattuzonun rəhbərlik etdiyi İtaliya millisi pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya uduzaraq (əsas vaxt 1:1, penaltilərlə 1:4) mundialdan kənarda qalıb. Hazırda ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər davam edəcək.













