Fransa milli komandasının müdafiəçisi Maksans Lakrua dünya çempionatındakı çıxışları zamanı doğulub boya-başa çatdığı kəndin sakinlərini sevindirmək qərarına gəlib.

Matc.az xəbər verir ki, təcrübəli futbolçu yığmanın hər matçında cəmi 300 nəfər əhalisi olan Ajat kəndinin sakinlərinə pizza qonaqlığı verəcək.

Bu gün Fransa seçməsi DÇ-2026-da ilk sınağına çıxaraq Seneqal ilə qarşılaşacaq. Tarixi matçı birlikdə izləmək üçün kənd meydanında 100-ə yaxın sakinin toplaşacağı gözlənilir. Milli komandada debüt etməyə hazırlaşan Lakrua da məhz bu səbəbdən azarkeşlərə belə bir dadlı sürpriz etmək qərarı alıb.

Kəndin bələdiyyə sədri Didye Klerju futbolçunun bu addımını yüksək qiymətləndirib: "Maksans yığmanın hər oyun gecəsi bizə pizza almağı təklif etdi. Bu, onun böyüdüyü torpağa və insanlara olan güclü bağlılığının sübutudur".

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ortaq ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-dək davam edəcək. Fransa millisi qrup mərhələsində Seneqaldan başqa, iyunun 23-də İraq, iyunun 26-da isə Norveç yığmaları ilə qüvvəsini sınayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest