"Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandır. Məsuliyyətimizi anlayırıq".
"Araz-Naxçıvan" klubunun yeni baş məşqçisi təyin olunan Cavid Hüseynov komandanın mətbuat xidmətinə ilk rəsmi açıqlamasını verib.
Matc.az xəbər verir ki, 38 yaşlı mütəxəssis bu məsuliyyətli vəzifəni ona həvalə etdikləri üçün klub rəhbərliyinə dərin təşəkkürünü bildirib.
Hüseynov Naxçıvan təmsilçisinin ölkə çempionatındakı rolunu yüksək qiymətləndirib: "Belə bir məsuliyyətli işi mənə həvalə etdiyinə görə klub rəhbərliyinə təşəkkür edirəm. 'Araz-Naxçıvan' Premyer Liqaya rəng qatan komandalardandır. Hər mövsüm iddiası ilə seçilir".
Gənc mütəxəssis yeni iş yerində böyük uğurlar qazanmaq üçün maksimum güclə çalışacağını və qarşıda duran hədəfləri dərk etdiyini vurğulayıb: "Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandır. Məsuliyyətimizi anlayırıq. Təbii ki, asan olmayacaq. Heyətin formalaşdırılması üçün transfer çalışmalarını davam etdiririk. Bəyəndiyimiz futbolçuların keçidi üçün danışıqlar aparılır. Rəsmi razılaşma olduqca, klub tərəfindən açıqlama veriləcək".
Qeyd edək ki, "Araz-Naxçıvan" rəhbərliyi Cavid Hüseynovla 1 mövsümlük rəsmi müqavilə imzalayıb.













